"Səsiniz olaq" onlayn surdotərcümə xidmətindən 1000-dək şəxs faydalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin "Səsiniz olaq" onlayn surdotərcümə xidməti fəaliyyətə başladığı il ərzində 1000-dək şəxsə xidmət göstərib. Bu barədə qurumdan məlumat verilib.
Xidmət ötən ilin iyul ayında Azərbaycanda ilk dəfə təqdim edilib və eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin dövlət qurumları, özəl sektor və digər qurumlara ötürülməsini təmin edir. İşarət dilini bilən operator, həmin şəxslərlə müraciət etdikləri təşkilat arasında virtual əlaqə yaradaraq real vaxt rejimində tərcümə həyata keçirir.
Bu inklüziv xidmət Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionu üzrə ən yaxşı təcrübələrdən biri kimi qiymətləndirilib. "Səsiniz olaq" ÜST-nin əlilliyi olan şəxslər üçün əlçatanlıq, inklüziv mühit və sosial inteqrasiya sahəsində uğurlu təcrübələri əks etdirən nəşrinə daxil edilib.
Xidmətdən istifadə etmək istəyən vətəndaşlar "mygov" tətbiqi vasitəsilə keçid edə və ya 055 213 19 97 nömrəsinə WhatsApp və Telegram platformaları üzərindən müraciət edə bilərlər. Xidmət bazar günü istisna olmaqla, həftənin altı günü saat 09:00-dan 16:00-dək fəaliyyət göstərir.