2026-cı ilin son Günəş tutulması avqustun 12-də baş verəcək
2026-cı ilin ikinci və son Günəş tutulması avqustun 12-də baş verəcək. Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu hadisə tam Günəş tutulması olacaq. Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya və Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə ediləcək.
Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək. Bakı vaxtı ilə tutulma saat 19:34-də başlayacaq və 23:57-də başa çatacaq. Maksimum faza saat 21:46-da qeydə alınacaq. Ümumilikdə təxminən 5 saat davam edəcək hadisə zamanı Günəş diskinin tam tutulması təqribən 7 dəqiqə çəkəcək.
Rəsədxana bildirir ki, tutulmaların tipi iki əsas amildən asılıdır: Günəş, Ay və Yerin kosmosdakı qarşılıqlı vəziyyəti və müşahidəçinin mövqeyi. Ay orbitinin Yer orbiti ilə kəsişmə nöqtəsində yeni Ay fazası baş verdikdə və üç göy cismi eyni xətt üzərində yerləşdikdə Günəş tutulması yaranır. Bu kəsişmə nöqtələri astronomiyada düyün nöqtələri adlanır. Tam tutulmanı yalnız Ayın tam kölgəsinə düşən müşahidəçi izləyə bilər; kölgə mərkəzindən uzaqlaşdıqca örtülmə faizi azalır və yarımkölgədə yalnız qismən tutulma görünür.
Qeyd olunub ki, Ay düyün nöqtəsindən uzaqda yerləşərsə, tam tutulma baş vermir və yalnız qismən tutulma müşahidə olunur. Ay öz orbitinin apogeyində olduqda isə tam yox, halqalı Günəş tutulması baş verir, çünki Yerdən ən uzaq mövqedə olan Ay Günəşin diskini tam örtə bilmir.
Cari ilin ilk Günəş tutulması kimi sonuncusu da Azərbaycandan müşahidə olunmayacaq. Azərbaycandan görünən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş vermiş qismən tutulma olub. Növbəti müşahidə imkanı isə 2 avqust 2027-ci ildə yaranacaq. Həmin gün tam Günəş tutulması baş versə də, Azərbaycan tam kölgə zolağından kənarda qalacağı üçün yalnız qismən faza izlənilə biləcək.