2026-cı ilin son Günəş tutulması avqustun 12-də baş verəcək
2026-cı ilin ikinci və son Günəş tutulması avqustun 12-də baş verəcək. Bu barədə Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Tutulma tam Günəş tutulması olacaq və onun tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya, həmçinin Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə ediləcək. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.
Bakı vaxtı ilə tutulma saat 19:34-də başlayacaq və 23:57-də başa çatacaq. Maksimum faza saat 21:46-da baş verəcək. Ümumilikdə, təxminən 5 saat çəkəcəyi gözlənilən tutulma hadisəsi zamanı Günəş diskinin tam tutulması təqribən 7 dəqiqə davam edəcək.
Rəsədxanadan bildirilib ki, tutulmaların tipi iki əsas faktordan asılıdır: Günəş, Ay və Yerin kosmosdakı qarşılıqlı vəziyyəti və müşahidəçinin mövqeyi. Ay orbitinin Yer orbiti ilə kəsişmə nöqtəsində yeni Ay fazası baş verdikdə və Günəş, Ay və Yer eyni xətt üzərində yerləşdikdə Günəş tutulması yaranır. Bu kəsişmə nöqtələri astronomiyada düyün nöqtələri adlanır. Tam Günəş tutulmasını yalnız Ayın tam kölgəsinə düşən müşahidəçi izləyə bilir. Kölgə mərkəzindən uzaqlaşdıqca Günəş diskinin örtülmə faizi azalır və yarımkölgədəki müşahidəçi ancaq qismən tutulma görür. Əgər Ay düyün nöqtəsindən bir az uzaqda yerləşərsə, ümumiyyətlə tam tutulma müşahidə olunmur. Həmçinin Ay öz orbitinin apogeyində olarsa, tam yox, halqalı Günəş tutulması müşahidə olunur, çünki Yerdən ən uzaq mövqedə yerləşən Ay Günəşin diskini tam örtə bilmir.
Cari ilin ilk Günəş tutulması kimi son Günəş tutulması da Azərbaycandan müşahidə olunmayacaq. Azərbaycandan müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş vermiş qismən Günəş tutulması olub. Növbəti müşahidə edilə biləcək tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək. Bu tutulma tam Günəş tutulması olsa da, Azərbaycandan tam kölgə zolağından kənarda qaldığı üçün yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.