Bakı Qızlar Universitetinin tələbələri digər özəl ali məktəblərə köçürüləcək
Elm və Təhsil Nazirliyi Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə bağlı tələbələrin köçürülməsi prosesinə başladığını açıqlayıb. Qurumun məlumatına görə, 2026/2027-ci tədris ili üçün bu ali məktəbə bakalavriat və magistratura səviyyələri üzrə yeni tələbə qəbulu nəzərdə tutulmayıb.
Hazırda universitetdə təhsil alan 1568 tələbədən 1513-ü bakalavriat səviyyəsində 11 ixtisas, 55-i isə magistratura səviyyəsində 2 ixtisas üzrə təhsilini davam etdirir. Onların Dövlət İmtahan Mərkəzində topladıqları bal, ixtisas, təhsil forması, dili və digər meyarlar nəzərə alınmaqla Bakıdakı digər özəl ali təhsil müəssisələrinə köçürülməsi planlaşdırılır.
Akademik məzuniyyətdə olan, təhsilini müvəqqəti dayandırmış və ya xaric edilmiş şəxslər barədə məlumatlar dəqiqləşdiriləcək. Onların təhsil hüquqlarının qanunvericiliyə uyğun təmin edilməsi üçün müvafiq tədbirlər görüləcək.
Nazirlik vurğulayıb ki, universitetin fəaliyyətinin dayandırılması əvvəllər verilmiş diplom və arayışların hüquqi qüvvəsinə təsir göstərmir. Cari tədris ilində məzun olan tələbələrə dövlət sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada təqdim olunacaq.
Universitetdə 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətlə məşğuldur. Onların yarısından çoxunun elmi dərəcəsi yoxdur və əksəriyyətinin əsas iş yeri digər ali məktəblərdir. Ştatda çalışan əməkdaşlar digər təhsil müəssisələrindəki vakant vəzifələrə müraciət edə bilərlər. Proses boyunca ictimaiyyət mütəmadi məlumatlandırılacaq.