İqtisadiyyat

AYNA 15 şəhərlərarası və Xankəndidə 3 şəhərdaxili avtobus marşrutunu müsabiqəyə çıxarıb

1 saat 0 baxış 93% yoxlanıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə ölkə üzrə 15 şəhərlərarası və Xankəndidə 3 şəhərdaxili avtobus marşrutunu müsabiqəyə çıxarıb. Bu barədə agentliyin rəsmi məlumatında bildirilir.

Müsabiqəyə çıxarılan marşrutlar arasında Bakı-Gəncə, Bakı-Şəki, Bakı-Kürdəmir, Bakı-İsmayıllı, Bakı-Qusar, Bakı-Xudat, Sumqayıt-Sınıq Körpü, Lənkəran-Astara, Astara-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Mingəçevir-Zaqatala, Yevlax-Lənkəran, Şəki-Mingəçevir və Beyləqan-Gəncə istiqamətləri yer alıb. Bundan əlavə, qanunvericiliyin tələblərinə uyğunlaşdırılması üçün Xankəndidə 1, 2 və 3 nömrəli şəhərdaxili marşrutlar da müsabiqəyə təqdim edilib.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna və Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaya uyğun təşkil olunur. Sənədlər 2026-cı il sentyabrın 1-i saat 17:00-dək AYNA-da qəbul ediləcək. Müsabiqədə iştirak üçün əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələrinin də təqdim edilməsi tələb olunur.

İddiaçıların təkliflərinə komissiya tərəfindən baxılması iki mərhələdə həyata keçiriləcək. Sentyabrın 15-də Bakı-Gəncə, Bakı-Şəki, Bakı-Kürdəmir, Bakı-İsmayıllı, Bakı-Qusar, Bakı-Xudat, Sumqayıt-Sınıq Körpü və Lənkəran-Astara istiqamətləri üzrə 8 lota baxılacaq. Sentyabrın 18-də isə Astara-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Mingəçevir-Zaqatala, Yevlax-Lənkəran, Şəki-Mingəçevir və Beyləqan-Gəncə istiqamətləri, eləcə də Xankəndidəki 1 nömrəli (Qarabağ Universitetinin Klinikası – Zəfər Parkı), 2 nömrəli (Kərkicahan qəsəbəsi – Təbriz küçəsi) və 3 nömrəli (Qarabağ Universitetinin Klinikası – Şəhər mərkəzi) şəhərdaxili marşrutlar üzrə 8 lotda qiymətləndiriləcək.

AYNA-dan bildirilib ki, şəhərlərarası və şəhərdaxili marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Mənbələr

← bütün xəbərlər