Azərbaycan-Gürcüstan dəmir yolu sərhəd keçidi iki dəfə sürətlənəcək
Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə yükdaşımalarında sərhəd keçidinin iki dəfə sürətləndirilməsi üçün yeni qərarlar qəbul edilib. Bu məqsədlə Böyük Kəsik stansiyasında hər iki ölkənin dəmir yolu administrasiyalarının və aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə görüş keçirilib. Görüşdə beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması, sərhəd keçidində vaxt itkisinə səbəb olan amillərin aradan qaldırılması müzakirə olunub.
Tərəflər regional nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparıblar. Əsas müzakirə mövzularından biri rəqəmsal həllərin və elektron məlumat mübadiləsinin genişləndirilməsi olub. ADY ilə Gürcüstan Dəmir Yolları arasında qatarlar və yüklər barədə məlumatların real vaxt rejimində elektron mübadiləsi imkanları nəzərdən keçirilib, gömrük idarələrinin informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi ilə bağlı qərarlar qəbul olunub.
Görüşdə həmçinin Bakı–Tbilisi marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı hazırlıq işləri müzakirə olunub. Sərnişinlərin rahatlığının artırılması üçün sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi, nəzarət proseslərinin daha çevik həyata keçirilməsinin vacibliyi vurğulanıb. Ayrıca işçi görüşdə ADY-yə məxsus elektrik lokomotivlərinin Böyük Kəsik–Tbilisi–Böyük Kəsik marşrutu üzrə qatar tərkibi ayrılmadan fasiləsiz işləməsinin təşkili barədə qərar qəbul edilib.
Yeni yanaşmaya əsasən, vaqonlara texniki baxış prosedurlarının təkrarlanması aradan qaldırılacaq. Əvvəllər həm Böyük Kəsik, həm də Qardabani stansiyalarında aparılan vaqon baxışı Azərbaycan–Gürcüstan istiqaməti üzrə yalnız Böyük Kəsik stansiyasında, Gürcüstan–Azərbaycan istiqamətində isə Tbilisi qovşaq stansiyasında həyata keçiriləcək. Bu optimallaşdırma yük qatarlarının keçid müddətinin iki dəfə azaldılmasına imkan verəcək və artıq marşrut üzrə çevik yük əməliyyatları uğurla test olunub.
ADY beynəlxalq tərəfdaşlarla birlikdə dəmir yolu infrastrukturunun yenilənməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. Son illərdə Böyük Kəsik istiqamətində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri nəticəsində sərhəd keçidi məntəqəsinin ötürücülük qabiliyyəti əhəmiyyətli dərəcədə artırılıb. Bu investisiyaların Orta Dəhlizin tranzit potensialının və regionun nəqliyyat-logistika imkanlarının gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.