Cəmiyyət

Bakıda 110-a yaxın küçə və prospektdə genişmiqyaslı yol təmiri aparılır

1 saat 0 baxış 93% yoxlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) paytaxtın bütün 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı yol təmir proqramı həyata keçirir. Proqram çərçivəsində ümumilikdə 110-a yaxın küçə və prospektdə işlər aparılır. Bu barədə Agentliyin mətbuat xidməti məlumat yayıb.

Təmir işləri çərçivəsində 800 min kvadratmetrdən artıq yol örtüyünün yenilənməsi nəzərdə tutulur. Qeyd edilir ki, bu həcmdə və bu qədər geniş ərazini əhatə edən təmir işləri indiyədək Bakıda eyni vaxtda həyata keçirilməyib. Hazırda proqram üzrə 20-yə yaxın küçə və prospektdə işlər tam başa çatdırılıb, daha 10-a yaxın yol sahəsində isə işlər davam etdirilir. Digər ünvanlarda təmir işlərinin mərhələli şəkildə aparılacağı bildirilir.

Təmir işlərinin yay mövsümündə həyata keçirilməsi xüsusi seçilib. Bu dövrdə təhsil müəssisələrində tətil olması və vətəndaşların əhəmiyyətli hissəsinin məzuniyyətdə olması səbəbindən şəhərdə nəqliyyatın hərəkət intensivliyi nisbətən azalır. Bu amil həm sürücülər üçün yaranan müvəqqəti narahatlığın minimuma endirilməsinə, həm də işlərin daha operativ və səmərəli icrasına şərait yaradır.

AAYDA-dan bildirilib ki, genişmiqyaslı təmir proqramının əsas məqsədi yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, hərəkətin təhlükəsizliyinin artırılması və paytaxt sakinlərinin gündəlik gediş-gəlişinin daha rahat təmin edilməsidir.

Mənbələr

← bütün xəbərlər