MİQ üzrə vakansiya seçimi mərhələsi avqustun 5-də başlayır
Avqustun 5-i saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) vakansiya seçimi mərhələsinə start verilir. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
İlk olaraq, test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə vakant yer seçmək imkanı təqdim edilir. Namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçə bilərlər. Seçilmiş vakant vəzifələrə yerləşdirmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edilib ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq. Növbəti mərhələlərdə faktiki yaşayış yerinə uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi, eləcə də ümumi vakansiya seçimi turu keçiriləcək.
Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi prosesi avqustun 6-sı saat 11:00-dək davam edəcək. Sözügedən mərhələlərin keçirilmə tarixləri barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.