Bakıda "Ford" markalı yük maşını yanıb
Bakının Nəsimi rayonunda yük avtomobilində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə Səməd Vurğun küçəsində qeydə alınıb. Əraziyə çatan yanğınsöndürənlər əməliyyat şəraitini qiymətləndirərkən yanğının "Ford" markalı yük avtomobilində baş verdiyini müəyyən ediblər.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində qısa müddətdə söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.
Yanğının baş vermə səbəbləri və avtomobilə dəyən ziyanın miqyası ilə bağlı əlavə araşdırma aparılır.