Azərbaycanda avtonom PUA-ların istismarına dair tələblər ilk dəfə sistemli şəkildə müəyyən edilir
Azərbaycanda “Aviasiya haqqında” Qanuna edilən dəyişikliklər avtonom pilotsuz uçuş aparatlarının (PUA) hüquqi tənzimlənməsini təmin etmək məqsədi daşıyır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, əsas hədəf mülki və eksperimental istifadə üçün nəzərdə tutulan bu aparatların hüquqi statusunu müəyyənləşdirmək, istismar tələblərini dəqiqləşdirmək və uçuş təhlükəsizliyi üçün milli qanunvericilik bazası yaratmaqdır.
Qanunvericiliyə ilk dəfə olaraq “avtonom pilotsuz uçuş aparatı”, “avtonom PUA operatoru” və “məsafədən idarəetmə mərkəzi” kimi anlayışlar daxil edilir. Bu, avtonom aviasiya texnologiyalarının inkişafı ilə ortaya çıxan yeni münasibətlərin hüquqi müstəvidə tənzimlənməsinə imkan yaradır.
Yeniliklərdən biri avtonom PUA-lar üçün avtomatlaşdırma səviyyələrinin müəyyən edilməsidir. Yüksək avtomatlaşdırma səviyyəsində uçuşun idarə edilməsi, ətraf mühitin müşahidəsi və qərarvermə prosesləri sistem tərəfindən həyata keçirilsə də, ümumi nəzarət və məsuliyyət operatorda qalır. Tam avtomatlaşdırma səviyyəsində isə bütün proseslər, o cümlədən ehtiyat idarəetmə funksiyaları insan müdaxiləsi olmadan sistem tərəfindən yerinə yetirilir. Bu yanaşma süni intellekt texnologiyalarının aviasiyada tətbiqi üçün hüquqi əsasların formalaşdırılması baxımından əhəmiyyətlidir.
Qanunda avtonom PUA-ların istismarı yalnız müvafiq qeydiyyat sertifikatı və istismarçı sertifikatı və ya əməliyyat icazəsi əsasında mümkün olacaq. Operatorlar avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətinə nəzarət etməli, əməliyyatlarla bağlı məlumatları ən azı altı ay saxlamalı və onların mühafizəsini təmin etməlidirlər.
Uçuşların təhlükəsizliyi və hava məkanından istifadənin koordinasiyası üçün yeni mexanizmlər də nəzərdə tutulur. Avtonom PUA-lar yalnız xüsusi müəyyən edilmiş coğrafi zonalarda və uçuşların idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi ilə uça biləcək. Nəzarət olunan hava məkanında əməliyyat aparmaq istəyən istismarçılar uçuşdan ən azı üç saat əvvəl qeydiyyat sertifikatının nömrəsi, uçuş vaxtı və digər zəruri məlumatları elektron qaydada təqdim etməlidirlər. Dəyişikliklər ümumilikdə təhlükəsizlik, məsuliyyət və nəzarət mexanizmlərini gücləndirməklə yanaşı, innovativ texnologiyaların tətbiqi üçün əlverişli hüquqi mühit formalaşdıracaq və Azərbaycanın beynəlxalq tendensiyalara uyğun inkişafını dəstəkləyəcək.