Vəkil İlqar Həmidov dələduzluqda ittiham olunaraq həbs edilib
Bakıda 11 saylı vəkil bürosunun vəkili İlqar Həmidov həbs edilib. O, vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Həmidova qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr təkrar və xeyli miqdarda dələduzluq əməllərini əhatə edir.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə vəkil barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Məlumata görə, həbs vətəndaş şikayəti əsasında həyata keçirilib. İşin təfərrüatları ilə bağlı əlavə məlumat verilməyib.
Qeyd edək ki, 11 saylı vəkil bürosunun rəhbəri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Azər Quliyevdir. Hələlik büro tərəfindən vəkilin həbsi ilə bağlı rəsmi münasibət bildirilməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir.