Baş prokuror Kamran Əliyev Laçın və Qubadlı rayonlarında vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev avqustun 7-də Laçın və Qubadlı rayonlarına səfər edib. Səfər çərçivəsində Baş prokuror Laçın rayon prokurorluğunun inzibati binasında Laçın, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbul zamanı 16 nəfər vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı qanunvericiliyin tələblərinə riayət olunması, məhkəmələrdə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial məsələlərlə bağlı olub. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunamüvafiq həlli ilə bağlı aidiyyəti struktur rəhbərlərinə müvafiq göstərişlər verilib.