Qaradağın sabiq icra başçısı müavini Nadir Muradova hökm oxunub
Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə rayon icra hakimiyyətinin sabiq birinci müavini Nadir Muradov barəsində hökm elan edilib. Hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında o, 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Nadir Muradov ötən ilin noyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, 10 ilə yaxın müddətdə rayon icra hakimiyyətində birinci müavin vəzifəsində çalışıb. Həmin əməliyyatdan sonra rayonun icra başçısı Süleyman Mikayılov da vəzifəsindən azad edilib.
İstintaq orqanlarının məlumatına görə, Muradov vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməkdə, yəni nüfuz alverində təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, əməliyyat zamanı həmçinin Qaradağ Rayon İcra Hakimiyyətinin digər əməkdaşları — Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə rəis müavini Zülfüqar Mansurov da saxlanılıb. Onların rayon ərazisindəki torpaq sahələri ilə bağlı sənədləşmə işləri üçün vətəndaşlardan rüşvət aldıqları bildirilir.
Muradov, Abdullayev, Nadirli və Şəmsəliyevin cinayət işi ayrıca icraata götürülərək Qaradağ Rayon Məhkəməsinə göndərilib, Mansurovun işi isə Nizami Rayon Məhkəməsində baxılacaq. Onlara əvvəlcə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən və külli miqdarda rüşvət alma maddələri ilə ittiham verilib, sonradan isə ittiham nüfuz alveri maddəsi ilə yekunlaşdırılıb.