Təhsil tələbə kreditləri üçün müraciət dövrü başlayıb
Təhsil Tələbə Krediti Fondu (TTKF) 2026-2027-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciətlərin qəbuluna başladığını açıqlayıb. Müraciətlər avqustun 3-dən etibarən e-ttkf.edu.az portalı vasitəsilə qəbul edilir. Bu barədə Fondun məlumatında bildirilir.
Müraciət hüququ Dövlət İmtahan Mərkəzinin qəbul müsabiqəsinin nəticələrinə əsasən magistratura səviyyəsinə yeni qəbul olunmuş tələbələrə, həmçinin ali, orta ixtisas və peşə təhsili müəssisələrinin ikinci və daha yuxarı kurslarında təhsil alan tələbələrə verilib. Onlar portal üzərindən sosial və ya standart təhsil tələbə krediti üçün müraciət edə bilərlər. Bakalavriat səviyyəsinə yeni qəbul olunan tələbələr üçün isə müraciətlər ixtisas seçimi başa çatdıqdan sonra açılacaq.
Magistraturaya qəbul olunan tələbələr portal.edu.az sistemi vasitəsilə tələbə qeydiyyatını həyata keçirərkən paralel olaraq e-ttkf.edu.az portalı üzərindən də kredit üçün müraciət edə biləcəklər. Bu, prosesi sadələşdirmək məqsədi daşıyır.
Standart təhsil tələbə kreditindən yararlanmaq üçün müəyyən minimal qəbul göstəriciləri tələb olunur. Subbakalavr səviyyəsi üzrə minimum 110 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 40 bal; bakalavriat üzrə 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 100 bal; magistratura üzrə 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 30 bal tələb edilir. SAT nəticələri əsasında qəbul olunanlar üçün minimum 1200 bal, texniki və yüksək texniki peşə təhsili üzrə isə attestatda müvafiq fənlər üzrə yekun qiymətlərin ədədi ortası minimum 3 olmalıdır.
Qeyd edək ki, bu minimal göstəricilər yalnız standart kreditlərə şamil edilir. Sosial təhsil tələbə kreditləri üzrə isə minimal qəbul balı tələbi tətbiq edilmir. Bakalavriat və subbakalavr səviyyələrinə yeni qəbul olunan tələbələr ixtisas seçimini başa vurduqdan sonra təhsil müəssisəsində qeydiyyat zamanı paralel şəkildə e-ttkf.edu.az portalı vasitəsilə müraciətlərini təqdim edə biləcəklər.