Sumqayıtdakı zavodda yanğın-taktiki təlim keçirilib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodunda yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirilib. Təlimin əsas məqsədi belə obyektlərdə baş verə biləcək yanğınlar zamanı yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, şəxsi heyətin peşəkar bacarıqlarını gücləndirmək və obyekt işçilərinin ilkin davranış qaydaları üzrə biliklərini artırmaq olub.
Təlim zamanı şərti yanğınla əlaqədar "Həyəcan" siqnalı verilib. Yanğından mühafizə və xilasetmə bölmələri hadisə yerinə operativ çataraq "yanğınla mübarizə" tədbirlərinə başlayıblar. Şərti yanğın ərazisində təxliyə planına uyğun olaraq işçilər təhlükəsiz yerə köçürülüb, xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərilib və yanğın qısa müddətdə söndürülüb.
Təlimə Dövlət Yanğından Mühafizə Xidməti, Sumqayıt Regional Mərkəzi və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Məntəqəsinin ümumilikdə 9 ədəd texnika və 40 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub. Təlim uğurla başa çatdıqdan sonra nəticələr müzakirə edilib və müvafiq tapşırıqlar verilib.