"Sabah"ın Avropa Liqası və Çempionlar Liqası pley-offundakı potensial rəqibləri müəyyənləşib
Bakının "Sabah" klubu UEFA turnirlərindəki növbəti mərhələ üçün potensial rəqiblərini öyrənib. İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan təmsilçisinin həm Çempionlar Liqası, həm də Avropa Liqası pley-off mərhələsindəki mümkün rəqibləri bəlli olub.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu ilə qarşılaşacaq "Sabah" bu cütün qalibi olduğu təqdirdə pley-offda İsrailin "Hapoel" (Beer-Şeva) və Serbiyanın "Srvena Zvezda" komandaları arasındakı cütün qalibi ilə üz-üzə gələcək.
Avropa Liqasının pley-off mərhələsinə keçmək üçün isə "Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus"a məğlub olmalıdır. Bu halda Bakı klubu Portuqaliyanın "Benfika" və Şotlandiyanın "Harts" komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, "Sabah" turnirin əvvəlində Uelsin TNS klubunu (2:0, 2:1) və Finlandiyanın "KuPS" komandasını (1:0, 2:0) iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb. Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26-da keçiriləcək. Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə 27-də baş tutacaq.