OBA "Gəl dost olaq" Çərpələng Festivalına dəstək olub
Bu il 10 illiyini qeyd edən "OBA" marketlər şəbəkəsi "Qonşuluqda 10 iz" adlı korporativ sosial məsuliyyət layihələri çərçivəsində növbəti təşəbbüsə imza atıb. Şirkət Beynəlxalq Dostluq Gününə həsr olunan və "Azərbaycan Uşaqları" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Gəl dost olaq" Çərpələng Festivalına dəstək göstərib.
Nabran dəniz sahilində baş tutan festival uşaqları, gəncləri və ailələri bir araya gətirərək dostluq, həmrəylik, yaradıcılıq və ekoloji məsuliyyət dəyərlərini təşviq edib. Tədbirdə sığınacaqda yaşayan uşaqlar, şəhid və qazi ailələrinin övladları, həssas sosial qruplardan olan uşaqlar, könüllülər və region sakinləri iştirak ediblər.
Festival zamanı "OBA" uşaqlara şirniyyatlar, "Trend" məhsulları və "Hər gün" dondurmaları təqdim edib, həmçinin hədiyyəli yarışlar təşkil olunub. Tədbir boyunca "OBA"nın Surəti və OBİ obrazları uşaqları əyləndirərək festivalla xüsusi rəng qatıb.
Bundan əlavə, festival çərçivəsində şirkətin 10 illiyinə özəl hazırlanmış, üzərində "10 ilin qonşusuyuq" və "Yaşılı sev, çevrəni qoru" mesajları əks olunan yaşıl çərpələnglər səmaya qaldırılıb. Proqrama çərpələnglərin uçurulması, yaradıcılıq və idman oyunları, ekoloji fəaliyyətlər, maarifləndirici guşələr və müxtəlif əyləncə proqramları daxil edilib.
Tədbir iştirakçılara həm əyləncəli, həm də öyrədici təcrübə qazandırıb. "Gəl dost olaq" Çərpələng Festivalına göstərilən dəstək uşaqların və gənclərin inkişafına, sosial həmrəyliyin gücləndirilməsinə, yaradıcılığın və ekoloji dəyərlərin təşviqinə verilən töhfənin bir hissəsidir.