Cəmiyyət

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb

47 dəq 0 baxış 93% yoxlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 4-də keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib. Nəticələr DİM-in rəsmi internet saytında dərc olunub və abituriyentlər orada öz nəticələri ilə tanış ola bilərlər.

İmtahanda iştirak etmək hüququ qazanmış 827 abituriyentdən 189 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən isə 543 nəfər məqbul qiymət alıb. Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 12-dən 19-dək aparılacaq.

Bu il ilk dəfə olaraq abituriyentlər inşanı elektron formada kompüterdə yazıblar. DİM-in məlumatına görə, bu yenilik abituriyentlərə fikirlərini oxunaqlı və səliqəli şəkildə təqdim etmək, zərurət olduqda mətni rahat redaktə etmək və ayrılan vaxtdan səmərəli istifadə etmək imkanı yaradıb. Həmçinin bu, qiymətləndirmə prosesinin daha səmərəli təşkilinə şərait yaradıb və əl yazısının oxunması ilə bağlı çətinliklər aradan qalxıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 10-11 avqust tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqələri ilə DİM-in əsas inzibati binasına (Bakı ş., Ak. H.Əliyev 299) və ya regional bölmələrinə yaxınlaşıb ərizə yaza bilərlər.

Mənbələr

← bütün xəbərlər