Ali Məhkəmə müəlliflik hüququ ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyənləşdirib
Ali Məhkəmənin Mülki kollegiyası müəlliflik hüququ ilə bağlı mühüm qərar qəbul edib. Qərar, audiovizual əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün surətinin çıxarılması zamanı müəlliflərin qonorar almaq hüququ və idxalçıların ödəniş öhdəliyi ilə bağlı yaranan mübahisəyə aydınlıq gətirir.
İşin mahiyyətinə görə, müəllif hüquqlarının kollektiv idarəetmə təşkilatı olan Gildiya, bir şirkətin audiovizual əsərlərin və fonoqramların surətinin çıxarılması üçün istifadə olunan avadanlıqları və maddi daşıyıcıları idxal etdiyini iddia edərək, həmin şirkətlə müqavilə bağlanmasını və qanunvericilikdə nəzərdə tutulmuş qonorarın ödənilməsini tələb edib. Cavabdeh şirkət isə idxal etdiyi malların qanunda göstərilən surətçıxarma avadanlıqları kateqoriyasına aid olmadığını, yalnız elektronika və məişət texnikası satdığını bildirərək iddiaları rədd edib.
Aşağı instansiya məhkəmələri iddianı rədd edərkən, müqavilənin könüllü şəkildə bağlanmalı olduğunu və tərəflərin məcbur edilə bilməyəcəyini əsas gətiriblər. Həmçinin qeyd olunub ki, iddiaçı cavabdehə oferta göndərsə də, cavabdeh tərəfindən aksept verilməyib və idxal olunan malların qanundakı siyahıya aid olduğu sübuta yetirilməyib.
Ali Məhkəmə isə fərqli mövqe sərgiləyib. Məhkəmə bildirib ki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun 17.3-cü maddəsinə əsasən, müəlliflərin qonorar almaq hüququ və idxalçıların ödəniş öhdəliyi birbaşa qanundan irəli gəlir. Müqavilə isə bu hüququ yaradan deyil, onun həyata keçirilməsi mexanizmidir. Məhkəmə vurğulayıb ki, əks yanaşma qəbul edilərsə, idxalçılar sadəcə müqavilə bağlamaqdan imtina etməklə ödəniş öhdəliyindən yayına bilərlər ki, bu da müəlliflərin hüquqlarının qorunmasını qeyri-mümkün edər.
Bundan əlavə, Ali Məhkəmə qanunda sadalanan avadanlıq və maddi daşıyıcıların siyahısının məhdud olmadığını, texnoloji inkişaf nəzərə alınmaqla funksional meyar əsasında şərh edilməli olduğunu bildirib. Yəni, konkret texniki vasitənin bu kateqoriyaya aid olub-olmaması onun adından deyil, audiovizual əsərlərin surətinin çıxarılması imkanını təmin edib-etməməsindən asılıdır. Nəticədə, kassasiya şikayəti qismən təmin edilib.