Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
Bakı Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı yekunlaşıb. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, üç gün davam edən yarışın son günündə yeniyetmələr (2013-cü il təvəllüdlülər) və gənclər (2011–2012-ci il təvəllüdlülər) arasında fərdi proqram üzrə halqa, top, gürzlər və lent alətlərində final çıxışları baş tutub. Gimnastlar bu müddət ərzində həm fərdi çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yeniyetmələrin yarışında halqa aləti üzrə Amina Novruzova (BGM) qızıl medal qazanıb. Sara Atakişiyeva gümüş, Güllüzar Şərifova isə bürünc medalla mükafatlandırılıb. Top proqramında da Amina Novruzova birinci yeri tutub, Güllüzar Şərifova ikinci, Sara Atakişiyeva üçüncü olub. Gürzlər üzrə Güllüzar Şərifova qızıl medala sahib çıxıb, Mədinə Ağaverdiyeva gümüş, Amina Novruzova isə bürünc medal əldə edib. Lent alətində isə Güllüzar Şərifova qalib gəlib, Amina Novruzova ikinci, Mədinə Ağaverdiyeva üçüncü pillədə qərarlaşıb.
Gənclər arasında halqa aləti üzrə Nur Sadıqova (RKİM) qızıl medal qazanıb. Məryəm Baloğlanova (OCAQ) gümüş, Nuray Muradlı (ZİRƏ) isə bürünc medalla təltif olunub. Top proqramında Nur Sadıqova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Nuray Muradlı ikinci, Gülnur Məmmədli (OCAQ) üçüncü nəticə göstərib. Gürzlər üzrə də qalib Nur Sadıqova olub, Nuray Muradlı gümüş, Məryəm Baloğlanova bürünc medala sahib çıxıb. Lent alətində isə Leyla Nemakina (OCAQ) qızıl, Gülnur Məmmədli gümüş, Məryəm Baloğlanova bürünc mükafatın sahibi olub.
Yarışın sonunda qaliblər və mükafatçılar diplom və medallarla təltif olunublar. Təşkilatçıların bildirdiyinə görə, 31-ci Azərbaycan çempionatı gənc gimnastların hazırlıq səviyyəsinin qiymətləndirilməsi və qarşıdakı yarışlara hazırlıq baxımından mühüm mərhələ olub. Çempionat həm də idmançıların beynəlxalq arenada iştirakı üçün seçim meyarı kimi əhəmiyyət kəsb edir.