Azərbaycan Omanla nəqliyyat əməkdaşlığını dərinləşdirməyə hazırdır
Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov Times of Oman nəşrində dərc olunan məqaləsində iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Səfir qeyd edib ki, bu istiqamətdə əməkdaşlıq regional təchizat zəncirlərinin diversifikasiyasına, daşımaların səmərəliliyinin artırılmasına və yeni investisiya imkanlarının yaranmasına şərait yarada bilər.
Məqalədə bildirilir ki, son illər Azərbaycan və Oman nəqliyyat, logistika, investisiya, bərpa olunan enerji, ticarət və rəqəmsal qarşılıqlı əlaqə sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsinə sadiqlik nümayiş etdirirlər. İnkişaf edən siyasi dialoq və genişlənən iqtisadi tərəfdaşlıq, xüsusilə regional nəqliyyat əlaqələrinin inkişafı təşəbbüsləri çərçivəsində yeni qarşılıqlı fəaliyyət istiqamətlərinin mənimsənilməsi üçün möhkəm zəmin yaradır.
Səfir qeyd edib ki, Omanın dəniz üstünlüklərinin Azərbaycanın strateji quru nəqliyyat infrastrukturu ilə birləşməsi iki ölkəyə Asiya, Yaxın Şərq və Avropanı birləşdirən daha inteqrasiya olunmuş, dayanıqlı və səmərəli nəqliyyat şəbəkəsinin formalaşmasına töhfə verməyə imkan verəcək. Bu baxımdan, nəqliyyat və logistika sahəsində əməkdaşlıq ikitərəfli iqtisadi münasibətlərin əsas dayaqlarından birinə çevrilə bilər.
Rəşad İsmayılov həmçinin vurğulayıb ki, iki ölkənin coğrafi üstünlüklərindən və bir-birini tamamlayan infrastrukturundan istifadə etməklə Azərbaycan və Oman Avrasiyanın daha əlaqəli, diversifikasiya olunmuş və dayanıqlı nəqliyyat şəbəkəsinin inkişafına əhəmiyyətli töhfə verə bilərlər.