"Kristal" və Almaniyanın "Hansgrohe" şirkəti əməkdaşlıq memorandumu imzalayıb
Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan "Kristal" ilə Almaniyanın premium sanitar avadanlıqları və hamam həlləri sahəsində tanınmış brendi "Hansgrohe" arasında əməkdaşlığın inkişafını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Sənəd avqustun 6-da imzalanıb.
Memorandumu "Kristal"ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və "Hansgrohe SE"-nin Baş İcraçı Direktoru Hans-Yürgen Kalmbax imzalayıblar. Sənəd tərəflərin Azərbaycanda həyata keçiriləcək tikinti və interyer layihələri üzrə əməkdaşlığının genişləndirilməsinə yönəlib.
Memorandum çərçivəsində gələcək layihələrdə innovativ həllərin tətbiqi, məhsul seçimi və texniki dəstək, dizayn və layihələndirmə proseslərinin əlaqələndirilməsi, eləcə də dayanıqlılıq və enerji səmərəliliyinə əsaslanan yanaşmalar üzrə birgə fəaliyyət imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur.
İmzalanan memorandum "Kristal" və "Hansgrohe" arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində atılmış mühüm addım olmaqla yanaşı, beynəlxalq təcrübənin Azərbaycanda həyata keçirilən müasir tikinti layihələrinə inteqrasiyasına və keyfiyyət standartlarının daha da yüksəldilməsinə töhfə verməyi hədəfləyir.