Nyu-Yorkda nadir Burbon virusuna ilk yoluxma halı qeydə alınıb
ABŞ-ın Nyu-York ştatında gənə dişləməsi ilə yayılan nadir Burbon virusuna ilk yoluxma halı təsdiqlənib. Bu barədə "People" jurnalı məlumat yayıb. Virusa Lonq-Aylenddə yaşayan 67 yaşlı Maykl Larkin yoluxub.
Larkin gənə dişləməsindən sonra güclü baş ağrıları və halsızlıq hiss edib və xəstəxanaya yerləşdirilib. İlkin olaraq həkimlər onun Laym xəstəliyinə yoluxduğunu ehtimal ediblər, lakin test mənfi nəticə göstərib. Uzunmüddətli müayinələrdən sonra məlum olub ki, o, Burbon virusuna yoluxub. "CBS News" telekanalının məlumatına görə, Larkin xəstəliyə qalib gəlib.
Burbon virusu ilk dəfə 2014-cü ildə ABŞ-ın Kanzas ştatında aşkar edilib və ilk yoluxma halının qeydə alındığı dairənin şərəfinə adlandırılıb. Həmin vaxtdan bəri rəsmi olaraq cəmi 6 yoluxma halı təsdiqlənib, onlardan 2-si ölümlə nəticələnib.
Virus yüksək hərarət, güclü yorğunluq, səpgi, bədən ağrıları, ürəkbulanma və baş ağrıları ilə müşayiət olunur. Bu virusa qarşı hazırda nə peyvənd, nə də xüsusi müalicə mövcuddur. Xəstəliyin aşkarlanması isə onun əlamətlərinin Laym xəstəliyinə bənzəməsi səbəbindən çətinləşir.