Buzovnada çimərlikdə iki nəfər dənizdə batıb
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsindəki çimərlikdə iki nəfərin dənizdə batması hadisəsi baş verib. İlkin məlumata görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb və dənizdə qayalıq ərazidə dörd nəfər - iki qız və iki oğlan batma təhlükəsi ilə üzləşib.
Bloqer Saleh Nəsirovun paylaşdığı məlumata görə, hadisə zamanı 11 və 22 yaşlı iki oğlanın həyatını xilas etmək mümkün olmayıb. Qızlar isə sahilə çıxarılıb və xilas ediliblər. Bildirilir ki, boğulan oğlanlar xalaoğlu olublar və Moskvadan Bakıya toya gəlmişdilər.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, ötən gün saat 20:20 radələrində Buzovna qəsəbəsi ərazisindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və iki nəfər Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri və digər təfərrüatları hələlik açıqlanmayıb.