Kolleclərə ixtisas seçimi avqustun 3-dən 9-dək aparılacaq
Azərbaycanda ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi mərhələsi avqustun 3-dən 9-dək (saat 23:59-dək) internet vasitəsilə aparılacaq. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edərək təsdiqləməlidirlər.
İxtisas seçiminə buraxılmaq üçün abituriyentlərin qəbul imtahanında topladıqları ümumi bal 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə bal 20-dən, riyaziyyat fənni üzrə isə bal 10-dan az olmamalıdır. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 50-dən az olmayan və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər buraxılır. Bu halda fənlər üzrə minimum bal məhdudiyyəti tətbiq edilmir.
Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla təklif etdiyi ixtisaslar arasından maksimum 12 ixtisas kodu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı yerləşdirmə seçilmiş ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
2026-cı ildə kolleclərə qəbul üçün 6210 plan yeri ayrılıb. Ötən il bu göstərici 8144 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 24545 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 24059 nəfərin müsabiqədə iştirak hüququ var idi. DİM bildirir ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə avqustun 3-dən 9-dək qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Buna görə də ixtisas seçimində iştirak edənlərin sayının daha da artacağı gözlənilir.
2026/2027-ci tədris ili üçün qəbul aparılan ixtisaslar, plan yerləri və digər zəruri məlumatlar "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in "Abituriyent Məsləhət Mərkəzləri"nə də müraciət edə bilərlər. Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti və DİM-in regional bölmələrində yerləşən mərkəzlərdə müsabiqə iştirakçılarına ödənişsiz kömək göstərilir.