Cəmiyyət

Magistraturaya qəbul olunanların qeydiyyatı yalnız "mygov" portalı üzərindən aparılacaq

56 dəq 0 baxış 100% yoxlanıb

Magistratura pilləsinə qəbul olunan bakalavrların təhsil aldıqları ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı vasitəsilə həyata keçiriləcək. Elm və Təhsil Nazirliyinin müvafiq xidməti artıq "mygov" platformasında istifadəyə verilib. Bu xidmət sayəsində qəbul olunan tələbələr qeydiyyat prosesini rəqəmsal formada, bir neçə addımda tamamlaya biləcəklər. Qeydiyyat müddəti 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək davam edəcək.

Qeydiyyat üçün bakalavrlar ilk növbədə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.

Qeydiyyat zamanı bakalavrlar şəxsi və qəbul məlumatlarını təsdiqləyir, tələb olunan məlumatları daxil edərək müraciətlərini göndərirlər. Müraciətlərin statusunu isə "mygov" platformasındakı şəxsi kabinetlər vasitəsilə real vaxt rejimində izləmək mümkündür. Müraciət "Ödəniş gözlənilir" statusunda olduqda təhsil haqqını "Onlayn ödə" funksiyası ilə ödəmək və ya "Qəbzi yüklə" seçimi vasitəsilə ödənişi təsdiq edən sənədi sistemə əlavə etmək olar.

Qeydiyyat müraciəti təhsil müəssisəsi tərəfindən yoxlanılıb təsdiqləndikdən sonra proses tamamlanmış hesab olunur və bakalavr magistr tələbəsi kimi rəsmiləşdirilir. Qeydiyyatın təsdiqlənməsi barədə vətəndaşa "mygov" platforması üzərindən bildiriş göndərilir.

Mənbələr

← bütün xəbərlər