BİG Korsika Assambleyasının təşəbbüsünü pisləyib
Bakı Təşəbbüs Qrupu (BİG) Korsika Assambleyasının qondarma "Artsax Respublikası" və Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilmiş Ermənistan vətəndaşları ilə bağlı qəbul etdiyi ilkin qanunvericilik təşəbbüsünü qətiyyətlə pisləyib. Bu barədə BİG-in yaydığı bəyanatda bildirilir.
Təşkilat bu təşəbbüsü qərəzli, təxribat xarakterli və siyasi motivli hesab edir. Bəyanatda qeyd olunur ki, bu addım suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi fundamental prinsiplərə ziddir və rəsmi Parisin irəli sürdüyü geosiyasi rəvayətləri təkrarlayır.
BİG vurğulayır ki, bu təşəbbüsü dəstəkləyən şəxslərin davranışı Korsika xalqının müstəqil siyasi iradəsinin ifadəsi kimi qiymətləndirilə bilməz. Təşkilat bu mövqenin ikiüzlülüyünün xüsusilə diqqət çəkdiyini də qeyd edib.