Cəmiyyət

Daşkəsəndə ilk dəfə açıq havada milli kino seansı keçirilib

51 dəq 0 baxış 97% yoxlanıb

2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə “AzerGold” QSC və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda ilk dəfə açıq hava şəraitində milli kino seansı təşkil olunub. Tədbir çərçivəsində Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” tammetrajlı bədii filmi nümayiş etdirilib.

Tarixi bioqrafik dram janrında çəkilmiş filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Zaur Qasımlıdır. Ekran əsəri görkəmli sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunmuş dördhissəli layihənin ilk filmidir. Filmdə Tağıyevin neft sənayesindəki fəaliyyəti, sahibkarlıq yolu və milli inkişaf naminə gördüyü işlər bədii şəkildə təqdim olunur.

Qeyd edək ki, “Tağıyev: Neft” filmi Azərbaycanın 98-ci “Oskar” mükafatları üçün "Ən yaxşı beynəlxalq tammetrajlı film" nominasiyası üzrə rəsmi namizədi kimi irəli sürülüb.

Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzinin ərazisində xüsusi quraşdırılmış açıq hava kinoteatrında filmi 600 nəfərdən çox tamaşaçı izləyib. Nümayiş tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Milli kino irsinin təbliği və Azərbaycan kinosunun uğurlarının regionlarda daha geniş auditoriyaya çatdırılması məqsədi daşıyan bu cür təşəbbüslər “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi regionda mədəni həyatın zənginləşdirilməsinə, milli-mənəvi dəyərlərin və kino sənətinin təbliğinə töhfə verir. Layihələr ölkənin müxtəlif bölgələrində yaşayan insanların müasir Azərbaycan kinosu ilə tanış olmasına və mədəni tədbirlərdə fəal iştirakına xidmət edir.

Mənbələr

← bütün xəbərlər