BTQ Korsika Assambleyasının təşəbbüsünü təxribat adlandırıb
Bakı Təşəbbüs Qrupu (BTQ) Korsika Assambleyasının qondarma "Artsax Respublikası" və Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilmiş Ermənistan vətəndaşları ilə bağlı qəbul etdiyi ilkin qanunvericilik təşəbbüsünü pisləyən bəyanat yayıb. Təşkilat bu addımı birtərəfli, təxribat xarakterli və siyasi motivlərlə hazırlanmış hesab edir.
Bəyanatda qeyd olunur ki, sözügedən təşəbbüs suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir və rəsmi Parisin Cənubi Qafqazla bağlı irəli sürdüyü geosiyasi rəvayətləri təkrarlayır. BTQ vurğulayır ki, bu təşəbbüsü dəstəkləyən şəxslərin davranışı Korsika xalqının müstəqil siyasi iradəsinin ifadəsi kimi qiymətləndirilə bilməz.
Təşkilatın fikrincə, həmin nümayəndələr Korsikanın milli maraqlarını, dilini və mədəniyyətini qorumaq əvəzinə, Fransanın xarici siyasət gündəmini ötürən vasitələrə, faktiki olaraq Parisin siyasi alətlərinə çevriliblər. BTQ bu mövqedə ikiüzlülük görür: uzaq coğrafiyalarda öz müqəddəratını təyinetmə hüququndan bəhs edən həmin dairələr Korsikanın özündə yerli xalqın dil və siyasi hüquqlarının təmin edilməsinə mane olurlar.
Bəyanatda Fransanın Korsika dilinə münasibəti də tənqid olunur. Qeyd edilir ki, Fransa Konstitusiyasına görə fransız dili respublikanın yeganə rəsmi dilidir və məhkəmə orqanları Korsika dilinin Assambleyada və icra hakimiyyətində istifadəsini nəzərdə tutan müddəaları ləğv edib. 2025-ci ilin iyununda Fransa Dövlət Şurası Korsika hakimiyyət orqanlarının apellyasiya şikayətini qəbul etməkdən imtina edib. Həmçinin, Fransa 1999-cu ildə Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyasını imzalasa da, hələ də ratifikasiya etməyib.
BTQ Korsika Assambleyasını diqqətini ilk növbədə Korsika xalqının həll olunmamış hüquqlarına yönəltməyə çağırır. Təşkilat Assambleyanın Fransadan Korsika dilinin tam institusional tanınmasını, onun təhsil və ictimai həyatda sərbəst istifadəsini, Avropa Xartiyasının ratifikasiyasını, habelə Korsika xalqının milli kimliyinə və öz müqəddəratını təyinetmə hüququna hörmət göstərilməsini tələb etməsini istəyir. BTQ həmçinin Assambleyanı siyasi müstəqilliyini qorumağa və Fransa dövlətinin gündəmini irəli aparan alətə çevrilməməyə səsləyir.