Misirdə 5,3 bal gücündə zəlzələ qeydə alınıb
Misirin Əl-İsmailiyyə şəhərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla saat 03:00-da baş verib və təkcə Misirdə deyil, həmçinin İordaniya, Livan, Fələstin və İsraildə də hiss olunub. Hadisə nəticəsində insan tələfatı və ya ciddi dağıntı barədə məlumat verilməyib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin episentri təxminən 700 min nəfər əhalisi olan Port Səid şəhərindən 104 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb. Bəzi mənbələr episentrin Süveyş şəhərindən 37 kilometr şimalda olduğunu bildirir.
Zəlzələdən təxminən 30 dəqiqə sonra "Reuters" agentliyi Misir Qızıl Ayparasına istinadən itki və ya dağıntı barədə məlumat verilmədiyini açıqlayıb. Seysmoloji mərkəzlər hadisənin gücünü 4,7 və 5,3 bal arasında qiymətləndirir.
Mütəxəssislər bölgədəki seysmik aktivliyin davam edə biləcəyini istisna etmirlər, lakin hazırda əlavə təhlükə barədə rəsmi açıqlama verilməyib. Yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxlayır.