Cəmiyyət

BDU: Yerin qravitasiyasının yox olacağı barədə iddialar elmi əsassızdır

1 saat 0 baxış 93% yoxlanıb

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası sosial şəbəkələrdə və bəzi internet resurslarında yayılan, 2026-cı il avqustun 13-də Yerin qravitasiya qüvvəsinin müvəqqəti olaraq 7 saniyəlik yox olacağı və insanların çəkisizlik vəziyyəti yaşayacağı barədə məlumatları təkzib edib. Kafedradan bildirilib ki, bu iddiaların heç bir elmi əsası yoxdur və onlar müasir fizikanın fundamental qanunlarına tamamilə ziddir.

Astrofizika kafedrasının açıqlamasında qeyd olunur ki, Yerin cazibə qüvvəsi onun kütləsi və radiusu ilə müəyyən edilir. Nyutonun Ümumdünya cazibə qanununa əsasən, qravitasiya qüvvəsinin qəfil yox olması yalnız Yerin kütləsinin birdən-birə yox olması və ya təbiətin fundamental qanunlarının dəyişməsi kimi fiziki cəhətdən mümkün olmayan hadisələr nəticəsində baş verə bilər. Hazırda belə bir hadisənin baş verəcəyini göstərən heç bir elmi əsas yoxdur.

Sosial şəbəkələrdə yayılan bəzi məlumatlarda bu hadisənin səbəbi kimi qravitasiya dalğaları və ya qara dəliklərin toqquşması göstərilir. Lakin kafedradan bildirilib ki, qravitasiya dalğaları fəza-zamanda son dərəcə kiçik dəyişikliklər yaradır və onların Yer səthində insanların hiss edə biləcəyi və ya Yerin cazibə qüvvəsini dəyişdirə biləcəyi təsiri yoxdur. Həmçinin, paylaşımlarda adı çəkilən, guya NASA tərəfindən hazırlanmış "Project Anchor" adlı hesabatın rəsmi elmi sənəd olmadığı və etibarlı elmi mənbələr tərəfindən təsdiqlənmədiyi vurğulanıb.

BDU mütəxəssisləri həmin tarixdə baş verəcək real astronomik hadisələri də açıqlayıblar. Avqustun 13-də Perseid meteor yağışının maksimumu müşahidə olunacaq ki, bu da ilin ən zəngin meteor yağışlarından biridir və Bakıdan əlverişli şəraitdə izlənilə bilər. Avqustun 12-də isə tam Günəş tutulması baş verəcək, lakin bu hadisə əsasən Qrenlandiya, İslandiya və İspaniyanın şimal hissəsindən görünəcək, Azərbaycandan müşahidə olunmayacaq. Bu hadisələrin heç biri Yerin qravitasiya sahəsinə təsir göstərmir.

Kafedra insanlara astronomiya ilə bağlı məlumatları yalnız rəsmi elmi təşkilatların, rəsədxanaların və etibarlı beynəlxalq elmi qurumların açıqlamalarına əsasən izləməyi tövsiyə edib. Vurğulanıb ki, astronomik hadisələr maraqlı və möhtəşəm olsa da, onların ətrafında yayılan sensasiya xarakterli, lakin elmi əsası olmayan məlumatlara tənqidi yanaşmaq vacibdir. 13 avqust 2026-cı ildə Yer öz adi fiziki rejimində fəaliyyətini davam etdirəcək və planetimizin cazibə qüvvəsində heç bir dəyişiklik baş verməyəcək.

Mənbələr

← bütün xəbərlər