Cəmiyyət

"AzerGold" jurnalistlər üçün təlim və mediatur təşkil edib

1 saat 0 baxış 93% yoxlanıb

"AzerGold" QSC "Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması" layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib. Tədbir şirkətin fəaliyyətinin 10 illiyinə həsr olunub və ölkənin aparıcı onlayn media qurumlarını təmsil edən 28 jurnalist iştirak edib.

Təlimin ilk günü Gəncə şəhərində keçirilib. "AzerGold" QSC-nin mütəxəssisləri geoloji kəşfiyyat, faydalı qazıntıların hasilatı və emalı, qiymətli metalların satışı, əməyin mühafizəsi, ətraf mühitin qorunması, kommunikasiya və korporativ sosial məsuliyyət mövzularında nəzəri sessiyalar təşkil ediblər. İnteraktiv formatda keçən görüşlərdə media nümayəndələrinin sualları cavablandırılıb.

Səfərin ikinci günü iştirakçılar Gəncə Autizm Mərkəzində olublar. Bu mərkəz Heydər Əliyev Fondunun təşəbbüsü, "AzerGold" QSC-nin dəstəyi və "Birgə və Sağlam" İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərir. Jurnalistlər autizm spektr pozuntusu olan uşaqlar üçün reabilitasiya prosesini əyani izləyiblər. Daha sonra onlar Daşkəsən və Göygöl rayonlarında quraşdırılmış kitab köşkləri ilə tanış olub, Quşçu qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və "AzerGold" QSC-nin dəstəyi ilə inşa edilmiş Səlmixan İsgəndərov adına tam orta məktəbin modul tipli binasına baxış keçiriblər.

Mediatur "AzerGold" QSC-nin Daşkəsən rayonunun Çovdar kəndində yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) və "Çovdar" qızıl mədəninə davam edib. Media nümayəndələrinə müəssisənin fəaliyyəti, qızılın hasilatı və emalı prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin mühafizəsi və boş süxur anbarında aparılan bioloji rekultivasiya tədbirləri barədə məlumat verilib. Jurnalistlər istehsalat sahələrini yerində müşahidə edərək qızılın emal mərhələləri və ekoloji norma və tələblərə uyğun istismar işləri ilə tanış olublar.

Layihə çərçivəsində jurnalistlərin dağ-mədən sahəsi üzrə məlumatlılıq səviyyəsini qiymətləndirmək üçün təlimdən əvvəl və sonra test tapşırıqları keçirilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Mənbələr

← bütün xəbərlər