Dünya

Bakıda Perseid meteor yağışı müşahidə olunacaq

1 saat 0 baxış 96% yoxlanıb

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, gələn həftədən avqustun 24-dək Perseid meteor yağışı müşahidə olunacaq. Meteor axınının maksimum aktivliyi avqustun 13-də Bakı vaxtı ilə saat 06:00-da gözlənilir.

Perseid meteor yağışı "109P/Swift–Tuttle" kometinin buraxdığı toz və kiçik daş hissəciklərinin Yer atmosferinə daxil olması nəticəsində yaranır. Bu meteorların bir çoxu atmosferdə uzun işıq izləri buraxır ki, bu da onları digər meteor yağışlarından fərqləndirən əsas xüsusiyyətlərdən biridir.

Radiantı (meteorların mənbəyi) Persey bürcündə yerləşdiyi üçün bu meteor yağışı Perseidlər adlanır. Bakı şəhərindən bu radiant bütün gecə ərzində görünür, buna görə də Perseid meteorlarını gecə boyu müşahidə etmək mümkündür. Radiant səhər saatlarına yaxın ən yüksək vəziyyətə çatır, Bakı üçün bu vaxt təxminən saat 06:00-dır.

Ən yaxşı müşahidə nəticəsi əldə etmək üçün şəhər işıqlarından uzaq, qaranlıq müşahidə məntəqəsi seçmək lazımdır. Əlverişli hava şəraiti olduğu halda avqustun 12-dən 13-nə keçən gecə və xüsusilə sübhə yaxın saatlarda müşahidəçilər onlarla, hətta yüzdən çox meteor görə biləcəklər.

Mənbələr

← bütün xəbərlər