Rusiyada Ermənistan istehsalı su və içkilərin satışı dayandırılıb
Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) göstərişi ilə ölkədə Ermənistanda istehsal edilmiş 70 mindən çox butulka içməli su və alkoqolsuz içkinin satışı dayandırılıb. Bu barədə Rusiyanın "Çestnıy znak" dövlət məhsul nişanlama sistemini idarə edən Qabaqcıl Texnologiyaların İnkişafı Mərkəzi (QTİM) məlumat yayıb.
Qərar, məhsulların məcburi tələblərə uyğunluğunda pozuntular aşkar edildikdən sonra istehlakçıların həyat və sağlamlığına mümkün zərərin qarşısını almaq məqsədilə qəbul edilib. Məhdudiyyətlər BJNI markalı müalicəvi-süfrə mineral suyunun, uşaq suyu da daxil olmaqla "Prosto Azbuka" təbii içməli suyunun, həmçinin DARBAS "Moxito" qazlı içkisinin müəyyən partiyalarına şamil edilib.
QTİM-dən bildirilib ki, qadağa yalnız konkret tarixlərdə istehsal olunmuş məhsullara aiddir və həmin istehsalçıların digər məhsullarını əhatə etmir. Bütün zəruri yoxlamalar başa çatana qədər göstərilən partiyaların həm pərakəndə ticarət şəbəkələrində, həm də onlayn mağazalarda satışı qadağan edilib.
Mərkəz qeyd edib ki, ölkə üzrə kassa avadanlıqlarına inteqrasiya olunmuş "Çestnıy znak" sistemi qayda pozuntusu olan məhsulların satışını operativ şəkildə bloklamağa imkan verir. Bu sistem vasitəsilə qadağan edilmiş məhsulların satışının qarşısı avtomatik olaraq alınır.