Anar Əsədlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb
Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib və təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayətini müdafiə edib.
Vəkil bildirib ki, Anar Əsədli pulu həmin şəxslərdən borc olaraq alıb və dələduzluq niyyəti olmayıb. Zərərçəkmiş qismində tanınan şəxslərdən üçü də ifadələrində bunu təsdiqləyib. Anar Əsədli də öz növbəsində pulu borc olaraq aldığını və dələduzluq etmədiyini bildirib.
Dövlət ittihamçısı isə apellyasiya şikayətinin təmin edilməsi üçün əsas olmadığını və hökmün qanuni olduğunu deyib. Məhkəmə prosesi sentyabrın 8-də davam etdiriləcək.
Qeyd edək ki, mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Əsədli 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. 2023-cü ilin aprelində barəsində həbs qətimkan tədbiri seçilib, sonradan ev dustaqlığına buraxılsa da, ilk baxış iclasında məhkəmə zalında yenidən həbs edilib. Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb.