Bakı metrosunda avqustun 15-dən yeni hərəkət sxemi tətbiq olunacaq
Bakı Metropolitenində avqustun 15-dən yaşıl və qırmızı xətlərin ayrılması layihəsinin icrasına başlanılacaq. Bu barədə jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. Layihənin icrası təxminən 10-11 ay davam edəcək.
Tikinti işləri dövründə "Nizami" və "28 May" stansiyaları arasında sərnişinlərin daşınması üçün ekspres avtobuslar təşkil olunacaq. Bu avtobuslarda gediş ödənişli olacaq, lakin hazırda tariflər hələ müəyyənləşdirilməyib.
Noyabr ayından etibarən "İçərişəhər" - "Həzi Aslanov" istiqamətində qatarların hərəkət intervalı 2 dəqiqə 30 saniyəyə endiriləcək. Bu məqsədlə "İçərişəhər" stansiyasında lazımi gücləndirmə tədbirləri görülüb, əlavə maşinistlər cəlb edilib və qatarların stansiyanı daha operativ tərk etməsi təmin olunacaq.
"Dərnəgül" - "Nizami" istiqamətində isə qatarların hərəkət intervalı 3 dəqiqə 30 saniyə təşkil edəcək. Yeni hərəkət sxemi sərnişin axınının daha səmərəli idarə olunmasına və gözləmə vaxtının azaldılmasına yönəlib.