SOCAR: Kütləvi ixtisarlarla bağlı iddialar həqiqətə uyğun deyil
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sosial şəbəkələrdə yayılan kütləvi ixtisarlarla bağlı məlumatları təkzib edib. Şirkət Report-un sorğusuna cavab olaraq bildirib ki, bu iddialar rəsmi mənbələrə əsaslanmır və reallığı əks etdirmir.
SOCAR-dan verilən məlumata görə, 2024-2025-ci illərdə kadr dəyişikliyinin orta illik səviyyəsi 2,4% təşkil edib və bunun əsas hissəsi əməkdaşların təbii axını ilə bağlı olub. Şirkət vurğulayıb ki, korporativ idarəetmənin təkmilləşdirilməsi, əməliyyat səmərəliliyinin artırılması, biznes proseslərinin optimallaşdırılması və insan kapitalının inkişafı 2035-ci ilədək Korporativ Strategiyanın əsas istiqamətlərindəndir. Bütün müvafiq tədbirlər əmək qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilir.
Şirkət həmçinin qeyd edib ki, 2025-ci ildə SOCAR-ın ESG fəaliyyəti beynəlxalq reytinq agentliyi Sustainable Fitch tərəfindən ER3 reytinqi ilə qiymətləndirilib. 2024-cü ildə isə şirkət Xəzər regionunun enerji şirkətləri arasında ilk olaraq beynəlxalq MSCI agentliyindən BBB ESG reytinqi alıb.
SOCAR əlavə edib ki, qrupun hər bir müəssisəsi müstəqil hüquqi şəxs və işəgötürəndir və əmək münasibətlərini Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirir. Şirkət ictimaiyyəti və maraqlı tərəfləri yalnız SOCAR-ın rəsmi məlumatlarına etibar etməyə çağırıb.