Vətəndaşlar MyGov platforması üzərindən FHN-ə elektron müraciət edə biləcəklər
Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşlara xidmətlərin rəqəmsallaşdırılması istiqamətində növbəti addım atıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşların FHN-ə və onun müvafiq qurumlarına müraciətlərinin elektron qaydada təqdim edilməsi üçün MyGov platforması üzərindən müraciət göndərmək imkanı yaradılıb.
Yeni sistem sayəsində vətəndaşlar MyGov platformasında "Dövlət qurumlarına rəsmi məktub" bölməsinə daxil olaraq Fövqəladə Hallar Nazirliyini və ya nazirliyin müvafiq alt qurumunu seçə və elektron müraciətlərini ünvanlaya bilərlər. Bu, vətəndaşların nazirliyə müraciət prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
Müraciətə baxıldıqdan sonra FHN tərəfindən hazırlanmış rəsmi cavab yenə MyGov platforması vasitəsilə vətəndaşın şəxsi kabinetinə göndəriləcək. Bu, müraciətlərin nəticələrinin operativ və şəffaf şəkildə çatdırılmasını təmin edir.
Qeyd edək ki, bu addım FHN-in vətəndaş məmnunluğunun artırılması və göstərilən xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi işlərin davamıdır. Elektron müraciət sistemi vətəndaşlara vaxt və resurs qənaəti etməyə imkan verəcək.