Yeni təmayül tədris modeli üzrə müəllim seçiminə başlanılıb

1 saat 0 baxış 93% yoxlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatına görə, yeni təmayül tədris modeli tətbiq edilən ümumtəhsil müəssisələrində çalışmaq istəyən müəllimlər üçün müsahibə mərhələsinə start verilib. İlkin mərhələdə müsahibələrə həmin müəssisələrdə artıq fəaliyyət göstərən müəllimlər dəvət olunur. Hazırda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili müəllimlərinin müsahibələri keçirilir.

Müsahibə zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji fəaliyyət göstəriciləri, həmçinin tədrisin keyfiyyətinə təsir edən digər meyarlar üzrə səriştələri müvafiq komissiyalar tərəfindən qiymətləndirilir. Müsahibədə uğur qazanan müəllimlərə SMS vasitəsilə bildiriş göndəriləcək.

Qeyd edilib ki, 11 iyun-31 iyul 2026-cı il tarixlərində aparılan qeydiyyat mərhələsinin nəticələrinə əsasən, qabaqcıl pedaqoji təcrübəyə malik 5000-dən çox müəllim müsahibə mərhələsində iştirak üçün müraciət edib. Hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X-XI sinifləri üçün nəzərdə tutulan yeni təmayül tədris modeli üzrə şagird və müəllimlərin qeydiyyat prosesi də davam edir.

Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə və onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.

Mənbələr

← bütün xəbərlər