XV Qəbələ Beynəlxalq Musiqi Festivalı yekunlaşıb
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb. Tədbir Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan” şirkətinin dəstəyi ilə təşkil olunub.
Festivalda Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Qazaxıstan, Niderland, Özbəkistan, Rusiya və Vyetnamdan musiqiçilər və rəqqaslar iştirak ediblər. Tədbir müddətində Qəbələ şəhəri mədəniyyətlərarası dialoqun platformasına çevrilib və müxtəlif ölkələrin nümayəndələri bu qədim bölgədə bir araya gəliblər.
Yekun konsertində Xalq artistləri Azər Zeynalov (tenor), Samir Cəfərov (tenor), Əməkdar artist Elnarə Məmmədova (soprano) və Lalə Mürşüdlü (soprano) çıxış ediblər. Onları Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Musiqi gecəsi Cahangir Cahangirovun “Qələbə uvertürası” ilə başlayıb. Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası, Asəf Zeynallının Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı və Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyası səsləndirilib. Həmçinin dünya opera irsinin məşhur nümunələri də təqdim olunub.
Həftəboyu davam edən konsertlərdə yerli sakinlər və qonaqlar müxtəlif ölkələrdən gələn sənətçilərin çıxışlarını izləyiblər. Sənət adamları bəzən tamaşaçılarla birlikdə rəqs edərək bayram əhval-ruhiyyəsi yaradıblar. 2009-cu ildən təşkil olunan festival illərdir dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun əsas ünvanına çevrilib.