Ceyhun Bayramov: Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır
Xarici işlər naziri Ceyhun Bayramov Bakıda İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis ilə birgə mətbuat konfransında çıxış edib. Nazir bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında faktiki olaraq sülh bərqərar olub və bu, ən önəmli məqamdır. O, qeyd edib ki, əldə olunan irəliləyişlər iki ölkə arasında ikitərəfli danışıqlar əsasında baş verir və bu istiqamətdə müzakirələr davam etdiriləcək.
Ceyhun Bayramov vurğulayıb ki, yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın mövqeyi dəyişməzdir. Onun sözlərinə görə, sülh sazişi yalnız Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması şərti ilə mümkündür. Nazir qeyd edib ki, bu tələb yerinə yetirildikdən sonra yekun sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmır.
Görüş zamanı Azərbaycandan neft məhsullarının Ermənistana göndərilməsi və digər əlavə inkişaf məsələləri də müzakirə olunub. Nazir həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlərin gözlənildiyini bildirib. O, sülh gündəliyinin bundan sonra da birbaşa dialoq yolu ilə irəlilədilməsinin vacibliyini vurğulayıb.
Bundan əlavə, Ceyhun Bayramov ATƏT məkanında çox qeyri-sabit və təlatümlü vəziyyətin hökm sürdüyünü qeyd edib. O, Minsk qrupu təsisatlarının ləğvinin ötən il ATƏT kontekstində ən əhəmiyyətli inkişaf olduğunu bildirib. İsveçrə XİN rəhbəri isə minaların təmizlənməsinin Azərbaycanın üzləşdiyi ən mühüm humanitar çağırışlardan biri olduğunu qeyd edib və ATƏT-in bu sahədə dəstək göstərə biləcəyini bildirib.