Dünya

Avqustun 13-də Perseid meteor yağışının pik aktivliyi müşahidə olunacaq

1 saat 0 baxış 97% yoxlanıb

Avqustun 24-dək davam edəcək Perseid meteor yağışının maksimum aktivliyi avqustun 13-də Bakı vaxtı ilə saat 06:00-da müşahidə olunacaq. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Perseidlər yüksək intensivliyi, sürətli hərəkət edən və parlaq meteorları ilə seçilir. Bu meteorların çoxu atmosferdə uzun işıq izləri buraxır ki, bu da onları digər meteor yağışlarından fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Radiantı Persey bürcündə yerləşdiyi üçün bu meteor yağışı Perseidlər adlanır. Bakıdan radiant bütün gecə ərzində görünür, səhər saatlarına yaxın isə ən yüksək vəziyyətə çatır.

Perseid meteor yağışı "109P/Swift–Tuttle" kometinin buraxdığı toz və kiçik daş hissəciklərinin Yer atmosferinə daxil olması nəticəsində yaranır. Bu komet 1862-ci ildə amerikalı astronom Levis Svift və ingilis astronom Horace Parnell Tuttle tərəfindən kəşf edilib. Onun Günəş ətrafında dövretmə periodu təxminən 133 il təşkil edir. Yer hər il avqustda bu hissəciklər axınından keçir və atmosferə təxminən 59 km/s sürətlə daxil olan hissəciklər yanaraq parlaq işıq izləri əmələ gətirir.

Perseid meteor yağışının maksimum intensivliyi saatda təxminən 150 meteor təşkil edir. Bu göstərici tam qaranlıq səma və radiantın müşahidəçinin düz başı üzərində yerləşdiyi ideal şərait üçün hesablanır. Bakıda radiant maksimum 69° hündürlüyə qalxdığından və hava şəraiti əlverişli olduqda müşahidəçilər saatda təxminən 140 meteor görə bilərlər. Meteorları izləmək üçün teleskop və ya binokl tələb olunmur, ən yaxşı nəticə üçün şəhər işıqlarından uzaq qaranlıq məntəqə seçmək lazımdır.

2026-cı ildə Perseid meteor yağışının maksimumu Yeni Ay fazasına təsadüf edir. Ay işığının olmaması səmanın kifayət qədər qaranlıq olmasını təmin edəcək və meteorların müşahidəsinə mane olmayacaq. Bu səbəbdən 2026-cı il Perseid meteor yağışının son illərin ən əlverişli müşahidə imkanlarından biri hesab olunur.

Mənbələr

← bütün xəbərlər