tehsil

Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub

1 saat 0 baxış 97% yoxlanıb

Türkiyə-Azərbaycan Universitetinin (TAU) yeni təyin olunmuş ilk rektoru Nəcibə Nəsibova universitet kollektivinə rəsmi şəkildə təqdim edilib. Təqdimat mərasimində çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev Nəsibovanı yeni vəzifəsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir müavini çıxışında Türkiyə-Azərbaycan Universitetinin iki ölkə arasında strateji tərəfdaşlığın təhsil sahəsindəki ən əhəmiyyətli layihələrindən biri olduğunu vurğulayıb. O, universitetin Himayəçilər Şurasının qarşıdakı dövr üçün ali təhsil müəssisəsinin strateji inkişafı, akademik fəaliyyətinin gücləndirilməsi və institusional potensialının artırılması istiqamətində mühüm hədəflər müəyyənləşdirdiyini bildirib.

Yeni rektor Nəcibə Nəsibova isə universitetin akademik və inzibati heyətini salamlayaraq qeyd edib ki, Türkiyə-Azərbaycan Universiteti sadəcə yeni nəsil universitet modeli deyil, eyni zamanda Azərbaycan ilə Türkiyə arasında qardaşlığın və ortaq dəyərlərin təcəssümüdür. O, göstərilən etimada görə təşəkkürünü ifadə edib və qarşıya qoyulan hədəflərə nail olmaq üçün çalışacağını bildirib.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulu 2024–2025-ci tədris ilindən həyata keçirilir. Universitetdə bakalavriat səviyyəsində "Kompüter mühəndisliyi", "Qida mühəndisliyi" və "Sənaye mühəndisliyi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. "Kompüter mühəndisliyi" ixtisası üzrə tədris Orta Doğu Texniki Universiteti, "Qida mühəndisliyi" üzrə Hacettepe Universiteti, "Sənaye mühəndisliyi" üzrə isə İstanbul Texniki Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Azərbaycan tərəfdən tərəfdaş universitet qismində Azərbaycan Texniki Universiteti prosesdə iştirak edir.

Universitetdə təhsil yalnız dövlət sifarişi əsasında və ingilis dilində aparılır. Hazırda 174 tələbənin təhsil aldığı universitetə bu il üç ixtisas üzrə ümumilikdə 120 plan yeri ayrılıb. Onlardan 60 yer "Kompüter mühəndisliyi", 30 yer "Sənaye mühəndisliyi", 30 yer isə "Qida mühəndisliyi" ixtisası üçün nəzərdə tutulub.

Mənbələr

← bütün xəbərlər