"Azərişıq" Gədəbəydə 30-dan çox yeni güc mərkəzi quraşdırıb
"Azərişıq" ASC Gədəbəy rayonunun bir sıra kənd və qəsəbələrində elektrik təsərrüfatının yenidən qurulması işlərini davam etdirir. Görülən işlər çərçivəsində Zəhmətkənd kəndində 0,4 və 10 kV-luq elektrik şəbəkəsi tamamilə yenisi ilə əvəzlənib. Bununla yanaşı, kənddə yeni metal dayaqlar quraşdırılıb və Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. Yaşayış məntəqəsində 9 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) və müasir elektron tipli sayğaclar quraşdırılıb ki, bu da abonentlərin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına şərait yaradıb.
Yenidənqurma işləri təkcə Zəhmətkəndlə məhdudlaşmır. "Azərişıq" ASC Gədəbəyin ümumilikdə 6 kəndində - Arısu, Zəhmətkənd, Xarxar, Əlinağılar, Arıqıran və Qasımlıda elektrik şəbəkəsini tamamilə yeniləyir. Sadalanan kəndlərdə ümumilikdə 30 ədəd KTM quraşdırılıb. Bundan əlavə, Söyüdlü və Soyuqbulaq kəndlərində hər birində 250 kVA gücündə olmaqla yeni güc mərkəzləri yaradılıb.
Arıqıran kəndində yenidənqurma işləri yekunlaşmaq üzrədir. Burada da yaşayış məntəqəsinin 0,4 və 10 kV-luq elektrik şəbəkəsi yenilənib, 9 ədəd müasir tipli KTM və yeni sayğaclar quraşdırılıb. Növbəti mərhələdə Çanaqçı, Kərimli və İnəkboğan kəndlərinin elektrik şəbəkəsinin yenilənməsi planlaşdırılır.
Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında əksər kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına və elektrik enerjisi itkilərinin minimuma endirilməsinə yönəlib.