Satılan kirayə mənzillər 16 dəqiqəyə seçildi
Bu gün satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillərin seçimi prosesi başa çatıb. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) və “AzInTelecom”un birgə məlumatına görə, seçim Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində həyata keçirilib.
Vətəndaşlara həmin kompleksdə 184 yeni və tam təmirli mənzil təqdim olunub. Yaşayış sahələri “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən seçilib və bütün müraciətlər qaydalara uyğun şəkildə tamamlanıb. Seçim prosesi cəmi 16 dəqiqə 22 saniyə çəkib.
Qeyd edilib ki, bu seçim zamanı Azərbaycanda ilk dəfə olaraq İKZF-nin təşəbbüsü ilə kütləvi yaşayış sahəsi seçimində SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq edilib. Bu addım prosesin daha sürətli və təhlükəsiz keçməsinə şərait yaradıb.
Mənzillərin seçimi ilə bağlı əlavə məlumat üçün vətəndaşlar müvafiq əlaqə nömrələrinə müraciət edə bilərlər.