Mask: "SpaceX" "Starship"lə orbitə ildə 10 milyon ton yük çıxarmağı planlaşdırır
"SpaceX" şirkətinin rəhbəri İlon Mask şirkətin gələcəkdə "Starship" kosmik sistemi vasitəsilə orbitə ildə 10 milyon tona qədər yük çatdırmağı hədəflədiyini açıqlayıb. Bu barədə o, şirkətin rüblük maliyyə hesabatının yekunlarına həsr olunmuş audiokonfrans zamanı bildirib.
Maskın sözlərinə görə, hazırda "Falcon" daşıyıcı raketi orbitə ildə təxminən 2,5 min ton yük çıxarır. Digər bütün şirkətlər birlikdə bu göstəricini təxminən 300 tonla tamamlayır. O qeyd edib ki, Yerdən orbitə çıxarılan bütün yüklərin 80-90 faizi məhz "SpaceX"in payına düşür.
Şirkət rəhbəri əlavə edib ki, "Starship" sisteminin istismara verilməsi ilə bu göstəricini əvvəlcə ildə 1 milyon tona, daha sonra isə 10 milyon tona qədər artırmaq mümkün olacaq. Bu, kosmik daşımaların həcmində əhəmiyyətli artım deməkdir.
İyul ayında "SpaceX" "Starship"in 13-cü sınaq uçuşunu həyata keçirib. İlk dəfə olaraq gəmi yük bölməsindən "Starlink"in "V3" versiyalı 20 peykini uğurla çıxarıb və ardınca Hind okeanında suya eniş edib.
Şirkətin planlarına əsasən, "Starship" yerətrafı orbitə pilotlu uçuşlar, peyklərin çıxarılması, həmçinin Aya, Marsa və digər səma cisimlərinə missiyalar üçün istifadə olunacaq. Çoxistifadəli "Super Heavy" sürətləndiricisi və "Starship" gəmisinin şaquli eniş etməsi nəzərdə tutulur.