Şimali Kiprdə avqustun 15-dək günorta saatlarında açıq havada işləmək qadağan edilib
Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) son günlər müşahidə olunan anomal isti hava şəraiti ilə əlaqədar olaraq, ölkə ərazisində açıq havada işləməyə müvəqqəti məhdudiyyət tətbiq edilib. ŞKTC Əmək Nazirliyinin qərarına əsasən, avqustun 15-dək hər gün saat 12:00-dan 16:00-dək açıq havada işləmək qadağandır.
Nazirlik tərəfindən verilən açıqlamada, ekstremal istilərin əmək şəraitini pisləşdirdiyi və sağlamlıq üçün ciddi risklər yaratdığı vurğulanıb. Bu səbəbdən işəgötürənlərə iş gününün başlanğıcını daha erkən saatlara keçirmək tövsiyə olunub. Qərar, xüsusilə tikinti və digər açıq sahələrdə çalışan işçilərin sağlamlığının qorunması məqsədi daşıyır.
Ölkənin bəzi ərazilərində havanın temperaturunun 43 dərəcəyə çatdığı bildirilir. Bu göstərici, son illərin ən yüksək temperatur dəyərlərindən biri kimi qiymətləndirilir. Qeyd edək ki, analoji qadağa əvvəllər də tətbiq olunub — iyulun 22-dən avqustun 1-dək ölkədə eyni saatlarda açıq havada işləmək qadağan edilmişdi.
Yeni qərar, isti hava dalğasının davam etməsi səbəbindən qəbul edilib və vətəndaşların günorta saatlarında günəş altında qalma müddətini azaltmağa yönəlib. Səlahiyyətli qurumlar vətəndaşları və işəgötürənləri qaydalara riayət etməyə çağırıb.