Məhkumun həbsdən əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun həbs edilməzdən əvvəl gizlətdiyi silah-sursat aşkar edilib. Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Əməliyyat zamanı Abşeron rayonunun Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ona aid 1 ədəd daraq və 96 ədəd 7,62 kalibrli güllə, həmçinin 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb.
Bildirilib ki, silah-sursat məhkum tərəfindən həbs edilməmişdən əvvəl gizlədilib. Faktla bağlı araşdırma aparılır.