ÇL: “Sabah”ın pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan çempionu “Sabah”ın da potensial rəqibi müəyyənləşib. Püşkatma tədbiri Bakı vaxtı ilə saat 14:00-da başlayıb.
“Sabah” III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubu ilə qarşılaşacaq. Bakı klubu bu səddi keçəcəyi təqdirdə, pley-off mərhələsində “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” turnirin I təsnifat mərhələsində Uelsin “The New Saints” komandasını hər iki oyunda məğlub edib (2:0, 2:1), II təsnifat mərhələsində isə Finlandiyanın “KuPS” klubunu mübarizədən kənarlaşdırıb (1:0, 2:0).
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab qarşılaşmaları isə avqustun 25-26-da keçiriləcək.