Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib
Hindistan Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbərliyi altında Çandipur (Odişa ştatı) poliqonundan nüvə silahı daşıya bilən "Agni-4" orta mənzilli ballistik raketinin sınaq buraxılışı uğurla həyata keçirilib. Bu barədə "The Times of India" nəşri məlumat yayıb.
Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, sınaq zamanı raket bütün istismar və texniki parametrlərə tam uyğunluq nümayiş etdirib. "Agni-4" mobil buraxılış qurğusunda yerləşdirilən və təxminən 4 min kilometr uçuş məsafəsinə malik ballistik raketdir.
Sınaq raketin istismara hazır olduğunu təsdiqləyib. Əldə olunan uğurlu nəticələr "Agni-4" raketinin ölkə ordusunun silahlanmasına qəbul edilməyə və istifadəyə tam hazır olduğunu göstərir.
Bu, Hindistanın strateji raket proqramı çərçivəsində həyata keçirilən növbəti planlı sınaqdır. Raketin uğurlu sınağı ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.